Mirzə Kazım bəyin kulturoloji irsi (XIX əsr Azərbaycan cəmiyyətindəki yeniləşmə prosesi kontekstində)

Mirzə Kazım bəyin kulturoloji irsi (XIX əsr Azərbaycan cəmiyyətindəki yeniləşmə prosesi kontekstində)

 

  XX əsrin əvvəllərində Azərbaycanda reallaşmış milli-mədəni intibah faktı, təbii ki, birdən-birə baş vermiş, hazır şəkildə alınmış, mənimsənilmiş bir mədəniyyət hadisəsi deyildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə nəticələnmiş bu intibahın zəminində XIX əsr boyunca tədricən formalaşmış bir yeniləşmə hərəkatı dururdu. Milli-mədəni intibahın mütərəqqi fikirli şəxsiyyətlərinin, qabaqcıl ziyalılarının yetişməsində də ilk növbədə əvvəlki yüzilliyin oyanış və yeniləşmə proseslərinin təsiri şəksizdir. Həmin zamana qədər Azərbaycanda A.A.Bakıxanov, M.Ş.Vazeh, İ.Qutaşınlı ilə başlayan maarifçilik, sonra millət davasının M.F.Axundzadə və H.B.Zərdabi ilə davam etdirilən böyük bir “mədəni hərəkat” mərhələsi, daha sonra Ə.Hüseynzadə, Ə.Topçubaşov, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, N.B.Yusifbəyli kimi ziyalılarla təmsil olunan qısa bir “siyasi hərəkat” dövrü vardır ki, bu mərhələlərin hər birində adı fəxrlə anılan mütəfəkkirlərdən biri də Mirzə Kazım bəy olmuşdur.

İşğal dövrünün bütün yasaq və məhrumiyyətlərinə, imperiyanın qərəzli siyasətinə baxmayaraq Azərbaycan xalqı kiçik də olsa bir cığır açaraq tədricən mədəni dünyanın ümumi tərəqqi yoluna çıxa bildi. Belə bir tərəqqi yoluna çıxmaqda çarizm siyasətinin yuxarıda sadalanan mənfi təzahürləri ilə yanaşı, xalqın milli-mədəni oyanışına müsbət təsir göstərən bir sıra müsbət amillər də olmuşdur (1, s.15). Məsələn, XIX əsrin əvvəllərindən etibarən Qafqaza sürgün edilən inqilabçıların və fransız inqilabı fikir cərəyanlarının təsiri altında olan müxalif fikirli ziyalıların, o cümlədən hər biri bir neçə Qərb dili bilən “Dekabristlər”in və onların yoldaşlarının yerli əhaliyə təsirləri bu mənada danılmazdır. Hərçənd ki, “bunların istədikləri də Rusiyada “Məşrutəli bir çarlıq idarəsindən” başqa bir şey deyildi. Məhz bu inqilabçıların Azərbaycan ziyalılarına ötürdükləri fikirlər Qərb azadlıq fikirləri idi. Köləlik rejimi, dövlət təşkilatının təməli sayılan müstəbid rus çarlıq idarəsi ilə mücadilə edən və qafaları Qərb hürriyyət fikirləri ilə dolu olan rus inqilabçılarının Azərbaycana gətirdikləri mədəni fikirlər” (2, s. 58-59) Azərbaycan ictimai fikrinə də təsirsiz ötüşməmişdir.

Mədəni oyanışa təkan verən amillərdən biri də Azərbaycan mühitində görkəmli şəxsiyyətlərin yetişməsi idi. Məsələn, dini etiqadı baxımından bir çoxları tərəfindən tənqidə məruz qalmış Mirzə Kazım bəy belə, yazdığı əsərləri və göstərdiyi fəaliyyəti ilə sübut etdi ki, “O, yenə Azərbaycan və Şərqin özlü və vətənpərvər bir övladı olaraq qalmışdır. Rus istibdadına və köləliyə düşmən olan ingilis missionerlərinin təsiri ilə xristianlığı qəbul etməsi, ona əsir türklər haqqında daha cəsur addımlar atmağa və söz söyləməyə imkan vermişdir. Misal olaraq Rus çarına verdiyi layihədə, Rusiyada yaşayan bütün müsəlman türklər üçün, hamısının anlaya biləcəyi tək bir türk dili proyektini göstərə bilərik” (2, s.57).

Milli və dini məsələlərdə bəzən tənqid edilsə də, ümumi rəy budur ki, Azərbaycan şərqşünası, maarifçi, rus şərqşünaslıq elminin banilərindən biri Kazım bəy Mirzə Məhəmməd Əli Hacı Qasım oğlunun (22.6.1802, Rəşt – 27.11.1870, Peterburq) adı XIX əsr mədəniyyət tarixinə qızıl hərflərlə yazılmışdır. Belə ki, Mirzə Kazım bəy Kazan universitetində Şərq dilləri üzrə mühazirəçi (1826), türk-tatar dilləri kafedrasının müdiri (1828), adyunkt-prof. (1831), ekstraordinar-prof. (1836), ordinar-prof. (1837), fəlsəfə fakültəsinin birinci şöbəsinin dekanı (1845) və ərəb-fars dilləri kafedrasının müdiri (1846) işləmişdir. O, 1849-cu ildən Peterburq universitetində fars dili üzrə ordinar-prof. (1849), fars dili kafedrasının müdiri (1855), eyni zamanda Peterburq xüsusi pansion və məktəblərinin inspektoru (1849-55) vəzifələrində çalışmış, 1855 ildən universitetin Şərq fakültəsinin ilk dekanı (ömrünün axırınadək) olmuşdur. Rusiyada ali təhsilin (xüsusilə şərqşünaslıq sahəsində) təşkilində, dərs vəsaitlərinin yazılmasında, müəllim-professor kadrlarının hazırlanmasında Kazım bəyin xidmətləri böyükdür. Akademik V.V.Bartold göstərirdi ki, O.İ.Senkovski və Kazım bəy öz mühazirələri ilə rus şərqşünaslığını yaratmışlar (3, s.208).

Doğma yurdunun hüdudlarından kənarda yaşamasına baxmayaraq Mirzə Kazım bəy Azərbaycan elmi-mədəni mühiti ilə əlaqələrini kəsməmiş, daima öz xalqının maariflənməsi qayğısına qalmışdır. Ümumilikdə XIX əsrin əvvəllərindən etibarən A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazeh, Mirzə Kazım bəy kimi ziyalılarla təmsil olunan Azərbaycan maarifçiliyində elmi, maarifi yaymaq, şəxsiyyət azadlığının təbliği, mövhumata, despotizmə qarşı mübarizə məsələləri qabarıq şəkildə özünü göstərirdi. Azərbaycan maarifçiləri ümid edirdilər ki, maddi həyat tərzinin yaxşılaşdırılmasının əsas vasitəsi xalq kütlələrinin elmə, maarifə yiyələnməsidir. Elm, maariflə silahlanma yolu ilə ictimai bəlalardan, o cümlədən mədəni gerilikdən xilas olmaq olar. Əgər dövlət başçıları müdrik maarifpərvər adamlar olsalar, insan zəkası hər şeydə meyar olsa, ümumi rifaha qovuşmaq olar (1, s.217-218). Onlar məktəbin, mətbuatın, elmin və maarifin, kənd təsərrüfatının, sənaye və ticarətin müasir mədəni əsaslarda yenidən təşkilini və inkişafını xalqın ictimai və inqilabi tərəqqisinin əsas şərti və zəmini hesab edirdilər.

Tədqiqatçılar yeniləşmə dövrünün ilk yaradıcılıq nümunələri olaraq A.Bakıxanovun əsərlərini qeyd edirlər. Ona görə ki, A.Bakıxanovun bədii və elmi əsərləri ilə orta əsrlərə yekun vurularaq yeni dövrə keçidin təməli qoyulur. Bu mənada “Bakıxanov – orta əsrlərdən yeni dövrə, Asiyadan Qərbə, sxolastik-ifratlardan, ənənədən müasir mənada elmə keçidi hazırlayan ilk böyük maarifçi ədib və alimdir” (1, s.194). Çarizmin mövcud şərtləri altında belə A.A.Bakıxanov çarlıq hökumətinə məktəb açmaq üçün layihə təqdim etmiş və “Dünyada olan bütün şeylərin hamısı bütün fəzilətlərin dövləti olan elmlə bağlıdır” demişdir (2, s.59). Mirzə Şəfi Vazeh Gəncədə ilk üsuli-cədid məktəbini açmışdır ki, bu məktəb də Azərbaycana Mirzə Fətəli kimi bir reformator yetişdirmişdir. Mirzə Kazım bəy uşaqlar üçün dərs kitabı tərtib etmiş, məktəb açılması zərurətini göstərmişdir. İsmayıl bəy Qutqaşınlı və Qasım bəy Zakir daima cəhalətlə mübarizə aparmağı tövsiyə etmişlər. Bu böyük şəxsiyyətlərin başladıqları yeniləşmə fəaliyyətlərinin əsasında həmişə məktəb məsələsi və cəhalətin aradan qaldırılması problemi durmuşdur. Zamanına görə modern düşüncə sahibi olan bu yenilikçi ziyalılar xalqın cəhalət girdabından qurtulmasının zəruri diaqnozunu qoyaraq səbir və əzmlə Azərbaycanın maddi və mənəvi inkişafı üçün çalışmışlar.

Təbii ki, yeniləşmə dövründə Azərbaycan mədəniyyətinin tərəqqisində Şərq, Qərb və ya Rusiya amillərindən hansının daha çox payı olmasına dair fikirlər fərqli ola bilər. Amma bunlardan birini şişirdib, o biriləri kölgədə qoymaq nə qədər subyektiv yanaşmadırsa, Azərbaycan mədəni dəyərlərinin mənimsənilməsində Rusiya amilinin rolunu da hədsiz qabartmaq bir o qədər obyektivlikdən uzaqdır. Eləcə də heç bir halda Azərbaycanın milli-mədəni irsindən nəinki imtina edilməmiş, hər bir yeni nəsil özündən əvvəlki yaradıcılıq təcrübəsinin dəyər və meyarlarına ehtiramla yanaşmışdır.

Azərbaycanın Avropa mədəniyyəti ilə inteqrasiyası yolunda da çox işlər görmüş A.Bakıxanov, M.Ş.Vazeh, İ.Qutqaşınlı, M.F.Axundzadə, M.C.Topçubaşov, Mirzə Kazım bəy kimi ziyalılarını həm də ümumilikdə Şərq mədəniyyətinin Rusiyada və Qərb ölkələrində təmsilçiləri saymaq olar. Təbii ki, belə qarşılıqlı əlaqələrin bir sıra müsbət təzahürləri də özünü göstərdi. Lakin tədqiqatçılar bu fikirdədirlər ki, rus ictimai və elmi fikrinin Azərbaycanda mənəvi mədəniyyətin inkişafı tarixinə təsirini bayağılaşdırmaq və şişirtmək olmaz: “Milli azəri-türk elmində Şərq dillərinə və filologiyasına ardıcıl və sistemli maraq Azərbaycanın Avropaya (Rusiyaya) qatılmasından sonra başlamışdı. Peterburqda da, Moskvada da Rusiya şərqşünaslığını, əslində, azərbaycanlı alim və mütəfəkkirlər yaratmışdılar. A.A.Bakıxanov da, İ.Qutqaşınlı da, Mirzə Cəfər Topçubaşov da, Mirzə Kazım bəy də milli mədəniyyətə xidmət missiyası ilə yanaşı, həm də (hüquqi, rəsmi vəzifələri etibarilə də) geosiyasi strategiyasında hakim rus doktrinasına qulluq göstərmiş və elə bununla da Rusiyanın Şərq siyasətinə kömək etmişlər” (2, s.174).

XVIII əsrin sonları və XIX əsrin əvvəllərindən etibarən mədəniyyət dünyası tarixində ən böyük rol oynayan fikir cərəyanları XX əsrin astanasında daha qüvvətli xarakter daşımış, Avropa və Amerika hüdudlarını aşaraq Yaxın və Uzaq Şərq ölkələrini də öz təsir dairəsinə almışdı. Milliyyət, cümhuriyyət, demokratiya və müasirlik kimi dörd mühüm əsasa istinad edən bu fikir cərəyanları artıq Azərbaycanda da cövlan etməkdə idi (4). Milli Azərbaycan hərəkatını ideoloji mənşəyi etibarilə Şərqdəki milli qurtuluş ideyaları ilə Qərbdəki kültür və demokratiya cərəyanlarını öz növündə birləşdirmiş bir hərəkat hesab edən M.Ə.Rəsulzadə yazırdı: “Müsəlman və türk məmləkəti olması etibarı ilə Qafqaz Azərbaycanı nə din, nə irq, nə də kültür baxımından onunla qətiyyən əlaqəsi olmayan Rusiya tərəfindən, ancaq silah gücü ilə tutulmuşdur və məlum olduğu kimi, tarixi ənənəsi türk və islam düşmənliyinə dayanan bu dövlətə heç bir zaman isinə bilmədiyindən istər türkçülük və istərsə islamçılıq ideyaları burada canlı inikasını tapmışdır. Zamanın keçməsi və ictimai qüvvələrin açılması sayəsində, cəmiyyət hərəkatına geniş xalq təbəqələrinin daha çox qovuşması nisbətində, Müsəlman Şərqin digər hər hansı bir məmləkətindən daha əvvəl Azərbaycandakı milli hərəkat “avropavari” bir şəkil almışdır” (5, s.163).

Bir milliyyətin millət halına keçməsi üçün isə ümumi şüur və kollektiv iradənin formalaşması zəruridir. Bu da “ictimai hafizə” vəzifəsini daşıyan orqanın vasitəsilə mümkündür. XIX əsrdə ictimai rəyin və kollektiv iradənin formalaşması əsasən mətbuat sayəsində mümkün olmuşdur. Ziyalılar bu orqan vasitəsilə öz içərilərindən ictimai rəyi və milli özünüdərk prosesini sürətləndirən fikir adamları və sənətkarlar yetişdirdilər (6, s.2-3). Bu səbəbdəndir ki, Azərbaycan ziyalıları da tədricən, ictimai hafizə daşıyıcıları sayılan qəzet və dərgilər ətrafında toplanırdılar. Mərkəzi rus mətbuatında isə (“Sovremennik”, “Rossiya”, “Oteçestvenniye zapiski”, “Sankt-Peterburqskiye vedomosti”...) daha çox M.C.Topçubaşovun və Mirzə Kazım bəyin imzalarına rast gəlinirdi. Ümumiyyətlə, Mirzə Kazım bəy dövrünün ən mötəbər mətbuat orqanları, o cümlədən “Sovremennik” jurnalı ilə fəal əməkdaşlıq etmişdir. Onun mətbu yazılarının ümumi ruhu bizə bunu deməyə imkan verir ki, elmi fəaliyyətində Şərq və Qərbin mədəni irsini harmonik şəkildə öyrənən Mirzə Kazım bəy dünya kulturoloji irsinin mənimsənilməsinin bütün xalqlar üçün nə qədər zəruri olduğunu elmi əsaslarla sübut etməyə çalışmışdır. “Elm və mədəniyyətin qapıları onu mənimsəmək istəyən bütün xalqların üzünə açıqdır” prinsipi ilə təbliğat aparan Mirzə Kazım bəy Avropa mütəfəkkirləri ilə yanaşı Nizaminin, Xaqaninin, Firdovsinin, Sədinin, A.Bakıxanovun, M.F.Axundovun yaradıcılığını da yüksək qiymətləndirmişdir.

Mirzə Kazım bəyin elmi-mədəni fəaliyyətinin çərçivəsini təsəvvürə gətirmək üçün təkcə bu faktları sadalamaq kifayət edər ki, o, müsəlman hüququnun Rusiyada ilk tədqiqatçısı, türk dilinin ilk elmi qrammatikasının yaradıcısı, İranda babilər hərəkatının, Dağıstanda Şamil hərəkatının ilk tədqiqatçılarından biri, Sədinin “Gülüstan” əsərinin rus dilinə (1829) ilk tərcüməçisi olmuş, L.N.Tolstoya və N.Q.Çernışevskiyə Şərq dillərindən dərs demişdir. O, dostu N.İ.Lobaçevskinin pedaqoji görüşlərini təbliğ etmiş, ərəb əlifbasının dəyişdirilməsi məsələsində M.F.Axundovla həmfikir olmuş (dini xurafatın və mövhumatın tənqidində onunla eyni mövqedən çıxış etmiş) və “Kəmalüddövlə məktubları” əsərinə xüsusi dəyər vermişdir. Rus və Şərq dillərinin qarşılıqlı əlaqələrinə dair sanballı tədqiqatlar müəllifi olan Mirzə Kazım bəy xalqlar arasında humanist ideyaların yayılmasına da öz töhfələrini vermişdir. Onun ərəb, fars və türk xalqlarının qədim və orta əsrlər tarixinə həsr olunmuş əsərləri Rusiyada tarix elminin inkişafında mühüm rol oynamışdır.

Azərbaycan mühacirət mətbuatında Mirzə Kazım bəyin yaradıcılığına münasibət bir sıra yönləri ilə fərqlənir. Хüsusilə də, mühacir ziyalılar öz yazılarında Mirzə Kazım bəyin Azərbaycan türkcəsi ilə bağlı araşdırmalarına daha geniş yer ayrmış və onun kulturoloji irsini milli-vətənpərvərlik mövqeyindən təqdim etməyə çalışmışlar. Burada bəzən real tarixi faktlara uyğun gəlməyən təəssübkeşlik hisslərinin özünü büruzə verməsinə baxmayaraq, Mirzə Kazım bəyin soy-kökünə bağlılığı elmi dəlillərlə ortaya qoyulur. Dinini rəsmi olaraq dəyişməsi, Rusiya elmi mühiti vasitəsilə Avropa mədəniyyətini mənimsəmə yolunu tutduğuna görə tənqidlərə məruz qalan Mirzə Kazım bəyin şəxsiyyəti və yaradıcılığı mühacirət mətbuatında tarixi-siyasi şərtlərin və elmi-mədəni mühitin imkanları çərçivəsində dəyərləndirilir. Məsələn, Hüseyn Baykaranın “Azərbaycanda yeniləşmə hərəkatları” adlı əsərində Mirzə Kazım bəyin ümumi yaradıcılığı fonunda onun Azərbaycan türkcəsi ilə bağlı araşdırmaları belə dəyərləndirilir: “Mirzə türk dilinin tədqiqi işinə, yəni türkoloji çalışmasına ilk başlayanlardan biridir. Azərbaycan türk ləhcəsi haqqında kimsənin heç bir şey bilmədiyi bir çağda elmin bu bölməsini seçmiş və özü də təmiz bir azərbaycanlı olduğu üçün tam bir səaliyyətlə azəri ləhcəsi qrammatikasıyla müqayisəli türk dili qrammatikası vücuda gətirmişdir. Bu çalışma хristian dininə mənsub bu böyük azərbaycanlının öz millətinə və ölkəsinə bağlılığının və səmimiliyinin dərinliyini göstərir” (2, s.69).

Əhməd Cəfəroğlunun “Azərbaycan yurd bilgisi” dərgisində çap olunmuş “Böyük azəri alimi Mirzə Kazım bəy” adlı məqaləsində Mirzə Kazım bəyin qısa tərcümeyi-halı verilmiş və yaradıcılığının başlıca istiqamətləri qeyd edilmişdir. Əsas diqqət böyük mütəfəkkirin türkoloji fəaliyyətinə yönəldilmiş, onun bu sahədə əldə etdiyi uğurlar dünya kulturoloji fikri kontekstində dəyərləndirilmişdir. Mirzə Kazım bəyin vətənpərvərliyini onun bir alim kimi yetişdiyi mühitin özünəməхsusluqları fonunda təhlil edən Əhməd Cəfəroğlu yazır: “Dövrünün ziyalı mühitində cərəyan edən “Asiya və Şərq nə vaxt yüksələcək və nə vaxt mədəniyyət sahəsinə girəcək” kimi acı və töhmətli suala qarşı Mirzə Kazım bəy “Şərq və Asiya mütəfəkkir dünyamızın ən böyük qismini təşkil etməkdədir. Burada bir mədəniyyət ruhu gizlidir və burada görünməyən bir qüvvə həqiqət toxumunu əkməkdədir” məfkurəsilə işə başlamış və həqiqətən Şərq mədəniyyəti tədqiqatının yüksəlməsində iştirak etmişdir. O, hər şeydən əvvəl Şərqin mədəniyyət çərçivəsinə girməsinə Avropa siyasətinin yardımçı olmayacağını nəzəri diqqətə alaraq “məmləkətin islahatçısı yalnız öz mühitindən doğar” qənaətinə gəlmiş və bu yolda çalışmışdır (7, s.62). Əhməd Cəfəroğlu bunu da əlavə edir ki, “Lakin gündən-günə öz varlığını və mənliyini hiss edən Azərbaycan mühiti artıq öz mütəfəkkirini unudacaq dərəcədə qəflətdə deyildi. Sözün geniş mənasilə Mirzə Kazım bəy Azərbaycan türklərinin ilk avropalı elm professoru və ilk münəvvər zümrəsinin şeyxidir” (7, s.62).

Əhməd Cəfəroğlu Mirzə Kazım bəyin dilçi alim kimi fəaliyyətinin başlıca məziyyətlərindən birini onun türk dili ilə məşğul olmasında və bu dilin qrammatik əsaslarının yazılıb hazırlanmasında görür. Araşdırıcının fikrincə, Mirzə Kazım bəy türk dilinə dair tədqiqatlarını bu sahəyə dilçilikdə diqqət yetirilmədiyi bir dövrdə başlamışdır. Əhməd Cəfəroğlu Mirzə Kazım bəyin “Obşaya qrammatika turetsko-tatarskoqo yazıka” adlı əsərinin əhəmiyyətini onun Azərbaycan türkcəsinin qrammatikası ilə bağlı yazılmış sonrakı dövrün tədqiqatları üçün açar rolunu oynamasında görür. Bu əsərin digər bir kulturoloji dəyərini də tədqiqatın Avropa səpkisində yazılmasında görən Əhməd Cəfəroğlu, eyni zamanda onun Osmanlı türkcəsi haqqında yazılmış əvvəlki dövr araşdırmalarının nəticələrini və müsbət çalarlarını özündə əks etdirdiyini də göstərmişdir. Lakin tədqiqatçının fikrincə, bütün bunlar Mirzə Kazım bəyin araşdırmasının orijinallığına və elmi dəyərinə хələl gətirməmişdir (7, s.63). Nəşrindən az bir müddət sonra əsərin T.Zenker tərəfindən alman dilinə tərcümə olunması və dünya türkoloqlarının tez-tez istinad etdikləri bir mənbəyə çevrilməsi də onun elmi dəyərinin göstəricilərindəndir.

Bir tərəfdən türk ləhcələrini müqayisəli şəkildə tədqiq etməyə çalışan Mirzə Kazım bəy digər tərəfdən də müştərək və ortaq bir türk dilinin yaradılmasına səy göstərmişdir (7, s.64) Mirzə Kazım bəy ortaq türk dilinin gerçəkləşdirilməsi haqqında düşüncələrini İsmayıl Qasprinskidən yarım əsr əvvəl (1854-cü ildən başlayaraq) ifadə etmişdir. Mirzə Kazım bəy Kazan universitetində çalışarkən türk dilinin türk-tatar icması arasında yayılmasına, Peterburq universitetində işlədiyi dövrdə isə Rusiya elmi-ictimai fikrində yer tutmasına çalışmışdır. O, hətta türk dilinin hərbi akademiyada tədris olunmasına nail olmuşdur ki, Əhməd Cəfəroğlu bunu mütəfəkkir alimin хidmətinin praktik tərəfi kimi səciyyələndirir (8, s.115). Həqiqət budur ki, məhz Mirzə Kazım bəyin uğurlu fəaliyyətindən sonra Rusiyada türkologiya elmi məktəb şəklini almış və sonralar bu məktəbdən bir çoх görkəmli alimlər çıхmışlar.

Mütəxəssislərin ümumi qənaətinə görə, Mirzə Kazım bəyin türk dilinin araşdırılması sahəsində göstərdiyi fəaliyyət türk tarixi üçün də keçərlidir. Əhməd Cəfəroğlunun təbirincə desək, Mirzə Kazım bəy “hər kəsdən əvvəl Qərb mədəniyyətinin qaranlıq Şərq pəncərəsindən içəriyə girdiyini sezmiş və artıq böyük addımlarla irəlilədiyinə qane olmuşdur” (7, s.67). Bu, elə bir dövr idi ki, ziyalılar müsəlman cəmiyyətinin inkişafı yollarını arayırdılar. Ümumi qənaət mədəniyyətdə müasirləşmənin qaçılmaz bir zərurət olduğunu ortaya qoyurdu. Mirzə Kazım bəy müasirləşmə problemini zamanında hiss edən və mədəni inkişafa dəstək verən ilk Azərbaycan ziyalılardan olmuşdur. O, Şərq cəmiyyətinin mədəniləşməsinə münasibətini bildirərək yazırdı: “Artıq Avropa Türkiyəsinin yüksək təbəqəsi Avropa mədəniyyətinə yabançı deyildir. Sultan Mahmudun zamanından etibarən qəbul edilən Avropa elm, mədəniyyət və sənaye ünsürləri İstanbul məktəblərinə idxal edilmişdir. Çin və Yaponiya yeni-yeni oyanmaya üz tutmuşdur. Hindistan artıq oyanmış və ətrafına baxıldığı zaman yanında milli həyat üçün mühüm bir ehtiyat toplamaqdadır. Türkiyə Avropa mədəniyyətini qəbul etmək istəyində qərarlıdır, lakin müasir siyasət təəssüf ki, onu əlli il geriyə aparmaqdadır. İran yavaş-yavaş irəliləməkdədir. Gələcək mədəniyyət üçün burada bir çox yaxşı əsaslar vardır. Lakin təəssüf ki, Rusiya dövlətinin ticarət siyasəti bu mədəniyyət şəhvətini tamamilə əzməkdədir” (7, s.67).

Gətirilən sitatdan da göründüyü kimi, Şərqin mədəniləşməsindən həzz duyan Mirzə Kazım bəy türk tarixinin tədqiqinə də biganə qalmamış, bu sahədəki fəaliyyəti xüsusilə, iki mühüm əsərin nəşrinə rəvac vermişdir: Qafqaz tarixinə aid “Dərbəndnamə” və 1466-cı ildən 1737-ci ilə qədər Krım tarixini ehtiva edən “Seyid Rzanın Əssəb-üs-səyyar”. Əhməd Cəfəroğlu yazır ki, Mirzə Kazım bəyə “əsl tarix sahəsində ən çox şöhrət qazandıran və akademik mükafatını qazandıran Dərbəndnamə olmuşdur” (7, s.66). Qeyd edək ki, o, Məhəmməd Əvabinin Dərbəndin tarixindən bəhs edən məşhur “Dərbəndnamə” əsərinin ingilis dilinə tərcüməsinə (1851) görə Britaniya kraliçasının qızıl medalına layiq görülmüşdür. Türk dilində yazdığı “Əssəb əs-Səyyar” (Yeddi planet) əsəri isə Krım xanlığının 1466-1737-ci illər tarixi haqqındadır.

Mirzə Kazım bəyin 1841-ci ildə qələmə aldığı “Uyğurlar” əsərində qədim uyğurların tarixindən bəhs edilir. 1865-ci ildə nəşr olunmuş “Bab və Babilər: 1848-52-ci illər İranda dini və siyasi təlatümlər” əsəri isə müəllifin ən böyük tarixi əsəri hesab edilir. “Qurani-Kərimdə ahənglik” (1859), “Müridizm və Şamil” (1859), “İslam tarixi” (1860) əsərlərini də yüksək dəyərəndirən tədqiqatçıların bir qismi XIX əsr Rusiyasında siyasi fəlsəfənin təşəkkül tapmasını Mirzə Kazım bəyin adı ilə bağla-yırlar. Onun siyasi görüşləri isə əsasən “Müridizm və Şamil” və “Bab və babilər” əsərində əsaslı şəkildə şərh edilmişdir. Mirzə Kazım bəy zamanının canlı əfsanəsi olan Şeyx Şamillə bağlı yazdığı məqaləsində real tarixi faktlara istinad etmişdir. Hətta Şeyx Şamil Peterburqda əsir saxlanılarkən Kazım bəy onunla iki dəfə görüşmüş və aralarında Qafqazdakı siyasi hərəkatlarla bağlı fikir mübadiləsi olmuşdur. Kazım bəy Şamilin xahişi ilə ona öz kitabxanasından on beş kitab bağışlamış, birlikdə dəvət aldıqları Marinski teatrında “Katerina” və “Pəri” baletlərinə baxmışlar.

Kazım bəyin din tarixi sahəsindəki elmi tədqiqatlarına gəldikdə isə deməliyik ki, islamdan imtina etsə də, onun ən dəyərli əsərləri birbaşa və ya dolayısı ilə məhz İslam dininə aiddir: “Ərəb dilinin qısa qrammatikası” (1841), “Qurani-Kərimdə ahənglik” (1859), “Müridilik və Şamil” (1859), “İslam tarixi” (1860). Türk dili tədqiqatı qədər Rus və Avropa elm aləminə məchul qalan Şərq dinlərinin “Babilər” qismi də Mirzə Kazım bəy tərəfindən işıqlandırılmışdır. Müəllif İranda Babi üsyanlarına və bu üsyanların rəhbəri, babi təriqətinin başçısı Seyid Əli Məhəmməd Baba (“bab” ərəb dilində qapı deməkdir) həsr olunmuş bu əsərin (1865) müqəddiməsində yazır ki, islam sivilizasiyaya əngəl törədən din deyildir. Abbasilər sülaləsinin hakimiyyəti zamanı yunanlara aid əsas elmi-mədəni qaynaqların İslamın paytaxtı hesab edilən Bağdadda köçürülməsi və sonralar bu irsin müxtəlif yollarla Avropaya yayılması faktı buna sübutdur.

Kazım bəy təkcə Rusiyada deyil, dünyada müsəlman hüququnun ilk tədqiqatçısı olmuş, islam dini, şəriət qanunları, cihad məsələləri ilə bağlı xüsusən, Rusiyada bəzi mürtəce qüvvələrin yaydığı şayiələrə son qoymağa çalışmış, islam və onun ehkamlarına elmi yanaşmanı tələb etmişdir. Böyük zəka sahibi sübut etmişdir ki, Şərqdə baş verən proseslərin öz qanunauyğunluqları var. Bu proseslərin gedişi və formalaşmasında dini və sosial amillər böyük rol oynayır. Ürəyi Şərq dünyası, türk dünyası üçün çırpınan Mirzə Kazım bəy hələ Kazan Universitetində işlədiyi vaxtlarda Quranın tam konkordansının – mətnin öyrənilməsinin ənənəvi üsulunu nəşrə hazırlamışdı. Ərəb, fars, türk və Azərbaycan ədəbi əsərlərinin məxəzlərini və onların qarşılıqlı əlaqəsini tədqiq etmiş Mirzə Kazım bəy bu tədqiqatı üzərində iyirmi beş il çalışmışdır. İslamın meydana gəlməsi dövründən başlamış ərəb ədəbiyyatının, Firdovsi zamanından fars ədəbiyyatının, Nizamidən başlamış Mirzə Fətəliyədək yol keçmiş Azərbaycan ədəbiyyatının ümumi ədəbi mənzərəsi onun tədqiqatlarında öz əksini tapmışdır. 1854-cü ildə işıq üzü görən “Türk dili kursu üçün” adlı dərs vəsaitinə türk dilinin qrammatik oçerki, Osmanlı imperiyasında müxtəlif xətlərlə yazılmış mətnlər və 6700-dən artıq rus sözünün tərcüməsi olan türk lüğəti daxil edilmişdir.

Elmi, dinin fövqündə görən Mirzə Kazım bəy bizə miras buraxdığı əsərləri ilə Şərqə dair tədqiqatları “dövrünün üləmasının əlindən qoparmağa çalışmış və buna müvəffəq olmuşdur”. Bir çox şəxslər məhz onun sayəsində Şərqin tədqiqi sahəsinə cəlb edilmişlər. Mirzə Kazım bəyin hərəkətində və elmi tədqiqatında milli hissimizi rəncidə edəcək heç bir şeyə təsadüf edə bilmirik. Azərbaycan türkləri içərisində Avropa mədəniyyətini mənimsəmiş ilk alim olması və İngiltərə, Rusiya və Kopenhagen elmlər akademiyasının üzvü seçilməsi hesabı ilə Mirzə Kazım bəyin Azərbaycan fikir hərəkatında olduqca mühüm bir mövqeyi vardır. Bunu inkar etmək elm adına böyük bir haqsızlıq olardı (7, s.67-68).

Məşhur rus şərqşünası, akademik V.V.Bartoldun bu elm fədaisi haqqında dediyi – “Mirzə Kazım bəy öz mühazirələri ilə rus şərqşünaslığını yaratmışdır” fikri onun bütün elmi fəaliyyətinə yükun bir rəy kimi də dəyərləndirilə bilər. Çünki həqiqətən də ömrünü bütünlükdə elmə sərf edən, qırx ildən artıq Rusiyanın ali məktəblərində mühazirə oxuyan Mirzə Kazım bəy böyük bir şərqşünaslıq məktəbi yaratmış, İ.N.Berezin, N.İ.İlinski, V.F.Dittel, S.M.Kovalevski, N.A.İvanov, K.K.Foyqt kimi böyük alimlərin simasında öz istedadlı şagirdlərini yetişdirmişdir. Rus və Avropa şərqşünaslarının çoxu bu gün də onun yaratdığı zəngin şərqşünaslıq irsindən istifadə edirlər. Özündən sonra zəngin elmi irs qoyub getmiş dünya şöhrətli Azərbaycan alimi Mirzə Kazım bəy 1870-ci ilin 27 noyabrında vəfat etmiş və Peterburqda dəfn olunmuşdur. Onun dünya elmi üçün qoyub getdiyi irsin bəşəri dəyəri bu gün də yüksək qiymətləndirilir. Heç təsadüfi deyil ki, Mirzə Kazım bəyin 200 illik yubileyi 2002-ci ildə YUNESKO xətti ilə bütün dünyada qeyd edilmişdir.

Həyatının sonuna kimi dünya kulturoloji irsini və dövrünün mədəni dəyərlərini mənimsəmək və təbliğ etmək uğrunda səy göstərmiş Mirzə Kazım bəy öz şəxsi nümunəsi ilə də gələcək nəsillərə bir həyat təcrübəsi qoyub getmişdir. Yaşadığı elmi-mədəni mühitin çərçivəsinə sığmayan, öyrənmək eşqi bu hüdudların fövqündə olan Mirzə Kazım bəyin “dünyagörüşü Azərbaycan mühiti, qabaqcıl rus ictimai-siyasi fikri, antik dövr və alman klassik fəlsəfəsinin təsiri altında formalaşmışdır”. Məhz belə bir həyatsevərliyin və fədakarlığın nəticəsi idi ki, o, dünyanın bir çox mötəbər elmi cəmiyyətlərinin üzvü seçilmişdir (3, s.208-209).

Ömrünü xalqının, millətinin varlığına, onun mədəni intibahı yolundakı mübarizəsinə həsr etmiş Azərbaycan mütəfəkkirləri məhz belə bir mühitin yetirməsi idilər. Qədim tarixə, zəngin varislik ənənəsinə malik Azərbaycan mədəniyyəti ilə müasir Avropa mədəniyyətinin yüksək nailiyyətlərinin çulğaşdığı yeni mədəni mühitin yetirməsi olan bu ziyalılar ölkənin və xalqın gələcək taleyində mühüm rol oynadılar. Azərbaycan mədəniyyətinin XIX və XX yüzilliklərdə əldə etdiyi nailiyyətlər, qabaqcıl ideyalar həmin ziyalıların ictimai-siyasi görüşlərinin və kulturoloji baxışlarının təşəkkülündə mühüm rol oynamışdır. Hətta deyə bilərik ki, bu dövrlərdə milli-mədəni intibaha öz töhfələrini vermiş bu şəxsiyyətlər Azərbaycan xalqının əsrlər boyu yaratdığı böyük və zəngin mədəniyyətin, onun humanist hisslərinin, qabaqcıl ideyalarının, müqəddəs ideallarının məntiqi sonucu, qanunauyğun bəhrəsi idilər (9, s.52). Lakin onlar, keçmiş yolları təkrar etmədilər, mədəni irsdən yaradıcı şəkildə istifadə etməklə dövrün tələbindən doğan zəruri, müasir, demokratik və həm də orijinal fikirlərin bayraqdarı və carçısı oldular. Bununla da təkcə Azərbaycanın deyil, bütün Yaxın Şərq xalqlarının mədəniyyət tarixində örnək bir cəmiyyətin qurucuları səviyyəsinə yüksəldilər.

 

 

QEYDLƏR:

 

1.          Qarayev Y. Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər (İki min ili tamamlayan iki yüz il – XIX və XX yüzillər). Bakı: Elm, 2002, 740 s.

2.          Baykara H. Azerbaycanda Yenileşme Hareketleri (XIX. Yüzil). Ankara: Türk Kültürünü Araştırma Enstitüsü Yayınları: 16, 1966, 200 s.

3.          Azərbaycan Sovet Ensiklopediyası, V cild, Bakı 1981, s. 208-209.

4.          Resulzade M.E. Bugünün ilhamı // “Odlu yurd”, Sayı: 4, Mayıs 1929, s. 118-121.

5.          Resulzade M.E. Milli Azerbaycan Hareketinin Karakteri (Bu məqalə müəllifin ingiliscə olaraq basılmaqda olan “Azerbaycan” adlı əsərindən eynən iqtibas edilmişdir) // “Azerbaycan Yurt Bilgisi”, Yıl: 3, 28 Mayıs: 1934, Sayı: 29, s. 163-166.

6.          Resulzade M.E. Millet olmak azmı // “Azerbaycan”, Ankara, 1 ağustos 1952, Sayı: 5, s. 2-3.

7.          Caferoğlu Ahmet. Büyük Azeri alimi Mirza Kazım bey. “Azerbaycan Yurt Bilgisi”, Yıl: 1, Şubat: 1932, Sayı: 2, s. 62-68.

8.          Məmmədova F.R. Azərbaycan mühacirətinin kulturoloji irsində dil problemi. Bakı: Elm, 2006, 192 s.

9.          Süleymanlı M.A. Azərbaycan kulturoloji fikir tarixindən (XX əsrin əvvəlləri). Monoqrafiya. Bakı: “Nafta-Press”, 2011, 208 s.

 

.

 

 

16 Aprel 2014 11:57
http://strategiya.az/?do=xeber&id=7183